İsveç və Finlandiyanın NATO-ya qoşulması Şimali Avropada sülh və sabitliyə mənfi təsir göstərəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib:
“NATO-nun məqsədi hərbi potensialı və coğrafi ekspansiyanı gücləndirmək, Rusiyanı təhdid etmək üçün başqa cəbhə yaratmaqdan ibarətdir. Lakin Baltik regionundakı qonşularımız – Finlandiya və İsveç NATO-ya nə üçün lazım olduğu başa düşülən deyil. Şimali Avropada sülh və sabitlik üçün mənfi nəticələrin olacağı göz qabağındadır”.
Zaxarova NATO-ya üzvlüyün ölkələrin təhlükəsizliyini təmin etməyəcəyini bildirib:
“Təbii ki, seçim İsveç və Finlandiya hökumətlərinə məxsusdur. Ancaq onlar da başa düşməlidirlər ki, belə bir addımın ikitərəfli münasibətlərimiz və Avropanın təhlükəsizliyi üçün nəticələri olacaq”.
Qeyd edək ki, aprelin 13-də paytaxt Stokholmda Finlandiyanın baş naziri Sanna Marin və İsveçin Baş naziri Maqdalena Andersson arasında görüş keçirilib.
Marin ölkəsinin NATO üzvlüyü üçün yaxın həftələrdə müraciət edəcəyini vurğulayıb.
Həmçinin Andersson Avropada yeni təhlükəsizlik vəziyyətinin olduğunu və bu vəziyyəti dəyərləndirərək NATO-ya üzvlüklə bağlı qərar verəcəklərini bildirib.
İqbal Rzayev,
KONKRET.az
