Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində SSRİ ilə nasist Almaniyasını ictimai şəkildə eyniləşdirməyə görə cəriməni nəzərdə tutan qanunu imzalayıb. Qanuna görə, ictimai şəkildə İkinci Dünya müharibəsində SSRİ və nasist Almaniyasının rolunu bənzədən, Sovet İttifaqının faşizm üzərində qələbədə rolunu inkar edən şəxslərə qarşı müəyyən cərimələr nəzərdə tutulub.
Bəs görəsən bu qanun necə tənzimlənəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Rusiya Ukraynada apardığı hərbi əməliyyatlar üçün ideoloji zəmin formalaşdırmağa çalışır: “Bu xüsusda bir sıra məsələlər siyasi arenada müzakirə olunaraq Təhlükəsizlik Şurasının iclasına çıxarıldı. İclasda TŞ-nin üzvləri Putinin önündə çıxış etdilər. Ukraynada faşizmin geniş yayılmasına dair fikirlər yürüdüldü. Orada faşizm yönümlü qüvvələrin Rusiyaya qarşı təbliğat apardığı bildirildi. Nəhayət Rusiya Ukraynanın nasistlərdən təmizlənməsi adı altında hərbi əməliyyatlara başladı. Daha sonrakı proseslərdə Qərbin informasiya məkanında Rusiyanın həyata keçirdiyi əməliyyatlar Adolf Hitlerin İkinci Dünya Müharibəsindəki hərbi əməliyyatlar ilə eyniləşdirildi. Mətbuatda bu haqda çoxsaylı yazılar dərc olundu və ictimai rəy formalaşdırıldı. Onsuz da 2014-cü ildən sonra Putinə qarşı bu mövqedə olanların sayı artmağa başlamışdı. Qərb mətbuatında İkinci Dünya Müharibəsində olduğu kimi Ukraynadakı müharibədə də faşizmlə mübarizə aparmağın vacib olduğu yazılır”.

Politoloq qeyd edib ki, Putinin əsas istəyi əhalini mübarizə ruhunda saxlamaq və bu istiqamətə kökləməkdir: “Lakin Rusiya vaxtilə faşizmə qalib gələn dövlətdir. SSRİ dağıldıqdan sonra 15 müstəqil dövlət yarandı. Rusiyanın xarici siyasətində faşizmin qarşısının alınması əsas istiqamət kimi müəyyənləşib. Putinin imzaladığı fərman faşizmlə bağlı məsələlərin qabardılması ilə yanaşı müharibənin ideoloji əsasını təmsil edən denasifikasiyaya diqqət çəkməkdir. Lakin həm Türkiyədə, həm də Belarusda keçirilən danışıqlarda biz bu məqama rast gəlməmişik. Ərazinin denasifikasiya edilməsi ilə bağlı heç bir müzakirələr aparılmayıb. Yəni bütün bunlar daha çox daxili auditoriya üçün hesablanmış addımlardır. Bu mənada sözügedən sənəd beynəlxalq ictimaiyyət qarşısında faşizmin kökünün kəsilməsi ilə əlaqələndirilir. Lakin beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynanın suveren ərazilərinə daxill olduğunu bildirir və Kremli şiddətlə qınayır. Rusiyada daxili-ictimai ruhu qorumaq üçün belə bir sənəd imzalanıb. Çünki Putinin əsas istəyi əhalini mübarizə ruhunda saxlamaq və bu istiqamətə kökləməkdir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
